日本の便所 ( Yaponiyada tualetlər )

Yaponiyada tualetlərin tarixi Yayoi dövrünə qədər uzanır. Antik Yaponiyada sadə quyulardan və ya çayların keçdiyi yerlərdə tikilən "kavaya" adlı strukturlardan tualet kimi istifadə edilirdi. VII–VIII əsrlərdə isə sarayda və dini tikililərdə su axınından istifadə edən daha müasir tualetlər peyda olmuşdu. Orta əsrlərdən başlayaraq insan ifrazatı Yaponiyanın kənd təsərrüfatı həyatında əhəmiyyətli yer tutmağa başlamış və əsas gəlir mənbələrindən birinə çevrilmişdir.

Meyci islahatından və qərbləşmə siyasətindən sonra ölkədə ilk ictimai tualetlər tikilmişdir. Tayşo dövründə isə Qərb üslubunda olan tualetlər yayılmağa başlamışdır. İkinci dünya müharibəsinin ardından Qərb üslubundakı tualetlər ən geniş yayılmış tualetlər olmuşdur. 1980-ci illərdən başlayaraq isə kontrol panelinə malik, müxtəlif funksiyalı yüksək texnologiyalı tualetlər ortaya çıxmışdır.

Hazırda Yaponiyada tualetlərin iki növü yayılıb: Qərb üslubunda və yapon üslubunda tualetlər. İctimai tualetlərdə iki üsluba da rast gəlmək mümkün olsa da, bəzən köhnə tikililərdə təkcə yapon üslubunda tualetlərə, müasir tikililərdə isə təkcə Qərb üslubunda olan tualetlər olur. Müasir evlərdə və hotellərdə tualetlər Qərb üslubundadır. Həm Qərb, həm yapon üslubundakı tualetlərin iki su axını rejimi var: böyük və kiçik. Tualetlər üçün otohime və ayaqqabı kimi aksessuarlardan istifadə olunur. Toto şirkəti Yaponiyada ən böyük və məşhur tualet istehsalçısıdır. Tokionun Kitakyuşu bölgəsində Yaponiyada tualetin tarixinə həsr olunmuş Toto Muzeyi fəaliyyət göstərir.

Destinations