نوروز ( Novruz bayramı )

Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز‎ (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez.) – Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram.

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.

Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Əl Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

Nizamülmülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara atırma, halay, bənövşə, cıdır-ənzəli, Kosa-kosa və bu kimi oyunlar aid edilir.

Destinations